1. İLK DEMOKRATLAR
Afinalı Perikl
Afina demokratiyası dünya tarixində dolğun təsvir olunmuş ilk demokratik dövlət sistemidir. Qullar istisna olmaqla şəhərin bütün vətəndaşları üçün ümumi bərabərlik və şəxsi azadlıq ideyası afinalılar arasında aristokratların hakimiyyətinin doğurduğu yoxsulluq və istibdada qarşı cavab reaksiyası kimi yayılmağa başlamışdı. Qədim yunan salnamələrinə görə, demokratlarla aristokratlar arasında e.ə. 7-ci əsrdə başlanan və demək olar ki, fasiləsiz davam edən mübarizə e.ə. 460-cı ildə demokratlar partiyasının qələbəsi ilə nəticələnmişdi. Bu partiyaya görkəmli siyasətçi və sərkərdə, əqidəli demokrat Perikl 32 il başçılıq etmişdir (e.ə. 495-429-cu illər).
Afina demokratiyası ziddiyyətlərlə zəngin olmuşdur. O, bəzi afinalı intellektuallar (o cümlədən Platon və onun həmfikirləri) tərəfindən kütlələrin nəzarətsiz hakimiyyəti, korrupsiya və xaos mənbəyi kimi qəbul olunurdu. Lakin Periklin rəhbərliyi dövründə Afina uğurlu daxili siyasət yeridərək, həmçinin İranın istibdad və Spartanın totalitar rejimlərinin (Sparta ilə Afina on illərcə davam edən üzücü müharibələr aparmışlar) təcavüzlərini dəf edərək iqtisadi, siyasi və mənəvi yüksəlişə nail olmuşdur.
Yalnız düzgünlüyünə əmin olduqdan sonra hər hansı əmri yerinə yetirən azad insanlara - demokratik cəmiyyətin üzvlərinə rəhbərlik etmək, əlbəttə, liderin istənilən əmrini sözsüz yerinə yetirməyə hazır olan insanlardan ibarət totalitar cəmiyyətin üzvlərinə rəhbərlik etməkdən müqayisəolunmaz dərəcədə çətindir. Lakin Perikl populizmdən uzaq idi, "o, kütləyə ona görə rəhbərlik edə bilirdi ki, hakimiyyətə ləyaqətsiz vasitələrdən istifadə etmədən gəlmişdi; onun kütləyə yarınmağa ehtiyacı yox idi və o, hörmətə malik olduğundan kütləyə qarşı kəskin şəkildə çıxa bilirdi", - deyə tarixçi Fukidid yazırdı.
Bütün bu vaxt ərzində Afina dövlətinin siyasi quruluşu haqqında mübahisələr səngimirdi. Demokratiyanı amansızcasına tənqid edənlər israr edirdilər ki, əsl-nəcabəti olmayan vətəndaşların şəhərin idarə olunmasında iştirakına yol vermək olmaz - şəhəri "ləyaqətli və bilikli" adamlar idarə etməlidir. Bundan başqa, Afina cəmiyyətindəki azadlıq və açıqlıq tənqid olunurdu; iddia edirdilər ki, əmlak ziddiyyətlərindən və demək olar ki, bütövlükdə fərdi azadlıqlardan məhrum olan hərbiləşdirilmiş Sparta cəmiyyəti sosial cəhətdən daha səmərəli və müharibə aparmaq üçün daha sərfəlidir.
Sparta ilə müharibə əslində vətəndaş müharibəsi idi. O həm Afinanı, həm də bütün yunan şəhərlərini iki hissəyə parçaladı: bütün Elladada aristokratiyanın tərəfdarları öz nəzərlərini Spartaya dikir, demokratlar isə Afinaya rəğbət bəsləyirdilər.
Sparta ilə müharibədə ilk həlak olmuş döyüşçülərin dəfn mərasimində Periklin söylədiyi və Afina tarixçisi Fukididin yazıya aldığı, öz zəmanəsini min-min illər qabaqlamış və indinin özündə də insanları həyəcana gətirən bu nitq demokratiyanın müdafiəsinə söylənilmiş bizə bəlli ilk nitqdir və yaxşı olardı ki, bizim məktəblilər də demokratik təhsil çərçivəsində bu nitqi əzbər öyrənsinlər. ...

