6. İNGİLTƏRƏ İNQİLABI. LEVELLERLƏR
Demokratiya və insan haqları uğrunda ilk kütləvi hərəkat
17-ci əsr İngiltərə inqilabı bəşəriyyətin həyatında Yeni Tarix dövrünü açır. Bu, feodal zülmündən qurtulma, kapitalist istehsalının inkişafı, insanların bərabərlik və azadlıqlarını bəyan etmiş liberalizm ideologiyasının çiçəklənməsi və mənəvi yeniləşmə uğrundakı kütləvi hərəkatlar dövrüdür. 17-ci əsr liberallarının, yalnız vətəndaşların ümumi razılığı ilə fəaliyyət göstərməli olan dövlət haqqında və hakimiyyətin insan həyatına müdaxiləsini məhdudlaşdırmaq barədəki ideyaları müxtəlif sənədlərdə - parlament aktlarında, üsyana qalxmış demokratların çağırışlarında, esse və pamfletlərdə hərtərəfli əksini tapmışdır. Yüz il sonra bu ideyalar liberalizm məfkurəsini əvvəlcə Avropaya, sonralar isə bütün dünyaya yaymış, Amerika və Fransa inqilablarına ruh və təkan vermişdir...
1625-ci ildə İngiltərə taxtına gənc və özündənrazı I Karl qalxdı. Az sonra kralın və onun əyanlarının özbaşınalığı ölkədə və parlamentdə ciddi narazılıqlar doğurdu. Lakin I Karl öz nazirlərini ayağa verməkdənsə parlamenti buraxmağı üstün tutdu. Fəqət parlamenti buraxmaqla kral vəsaitsiz qalmış oldu: ingilis azadlıq ənənələrinə sadiq qalan əhali özünün parlamentdəki nümayəndələrinin razılığı olmadan vergiləri ödəməkdən boyun qaçırırdı. Kral yenidən parlamenti yığmağa məcbur oldu, lakin deputatlar əvvəlki tək kralın sevimli naziri - dövlət işlərini başlı-başına buraxmış və dövlət vəsaitini dədə malı kimi öz bitib-tükənməyən əyləncələri yolunda səpələyən hersoq Bekingemin məhkəməyə verilməsini təkid etdilər....

