4. İNSAN HAQLARI UĞRUNDA İLK UĞURLU ADDIMLAR
İngilis Azadlıqlarının Böyük Toplusu - Magna Carta (1215)
Təmin edilmiş insan haqları uğrunda mübarizənin tarixi demokratiya (çoxluğun hakimiyyəti) uğrunda mübarizə tarixindən daha gəncdir, onun cəmisi 700 yaşı var. Demokratiyanın vətəni Qədim Yunanıstandırsa, liberalizmin (dövlət müdaxiləsindən qorunmuş insan haqlarının) vətəni tam hüquqla orta əsr İngiltərəsi hesab olunmalıdır. Məhz burada 1215-ci il iyunun 15-də Rannimid qəsəbəsində baş vermiş hadisələr insan haqları uğrunda mübarizə tarixinin başlanğıc nöqtəsi kimi qəbul olunub. O zamandan indiyə kimi hər bir fərdin şəxsi, siyasi və sosial haqları uğrunda mübarizəsi həqiqətən ümumdünya miqyası almışdır...
Kral Con Plantagenet (tarixi romanlardan bizə tanış olan Şir ürəkli Riçardın kiçik qardaşı) ağılsızcasına və israfçılıqla hökmranlıq edirdi. Hərəkətləri ilə o, təkcə xalqı deyil, həm də imtiyaz və mülkiyyətlərinə qəsd etdiyi iri feodalları da özünə qarşı qaldırdı; kralın ölkənin sərhədlərindən xaricdə hərbi mükəlləfiyyəti yerinə yetirmək tələbini feodallar həddini aşmaq hesab etdilər. Kralın özbaşınalığından hiddətlənmiş bir neçə nüfuzlu baron qoşun toplayaraq uğursuz danışıqlardan sonra onu ağır məğlubiyyətə uğratdı.
Qələbədən sonra baronlar, həmişə olduğu kimi, bacarıqsız despotu devirib hakimiyyətə "ədalətli kral"ı gətirmədilər. Kenterberi arxiyepiskopu Stefan Lanqtonun köməyi ilə baronlar onların qədim imtiyazlarını təsdiq və təsbit edən sənəd hazırlayıb kralı məcbur etdilər ki, torpaq sahibkarlarından olan lordlarla və ali ruhani nümayəndələrlə birlikdə Rannimiddə onu imzalasın....

