Afinalı Platon
Platonun (e.ə. 427/8-347/8-ci illər) fəlsəfi irsi Azərbaycan oxucularına yaxşı tanışdır. O, Periklin ölümündən bir il sonra aristokrat ailəsində doğulmuşdur. Demokratik Afina o vaxtlar Sparta müdaxiləsi dövrünü yaşayırdı. Ölkəni bürüyən vətəndaş müharibəsi e.ə. 404-cü ildə "On üç tiranın hakimiyyəti" adı ilə məşhur olan mürtəce aristokrat rejiminin bərqərar olmasına gətirib çıxardı. Bu rejimin liderlərindən ikisi - Kriti və Karmid Platonun yaxın qohumları idi. Lakin tezliklə demokrat partiyası aristokratları hakimiyyətdən uzaqlaşdırdı, Platonun hər iki qohumu hadisələrin gedişində öldürüldü. Ölkədə demokratik rejim bərqərar oldu.
Platonun gənclik illərində Afinanı bürümüş qanlı hadisələr, aclıq və epidemiyalar onda hər hansı sosial dəyişikliklərə qarşı güclü nifrət yaratmışdı. Onun müəllimi - aristokratların yaxını və böyük filosof Sokrat demokratiya bərpa ediləndən sonra Afina şurası tərəfindən ataların dinini təhqir etməkdə və gənclərin şüurunu zəhərləməkdə günahlandırılaraq ölümə məhkum edildi (220 səsə qarşı 280 səslə). Platon və onunla yanaşı Sokratın digər şagirdləri e.ə. 399-cu ildə Afinanı tərk etdilər. Platon Yunanıstan, Misir və İtaliyanın şəhərləri boyunca səyahətə çıxdı. Siciliyada olarkən o, Sirakuz tiranı Dionisinin sarayında siyasi mübarizəyə qoşuldu və sonra Sirakuzdan qovuldu. Platon e.ə. 387-ci ildə Afinaya qayıdaraq akademiya (müasir universitetlərin prototipi) yaratdı və 40 il orada fəlsəfəni tədris etdi.
Platonun əsərləri Avropa idealizminin və etikasının təməlini qoymuş və sovet filosoflarının arasıkəsilməyən amansız tənqidləri sayəsində keçmiş SSRİ məkanında yaxşı tanınmışdır. Platonun cəmiyyətin siyasi və sosial quruluşuna dair baxışları isə bizə daha az məlum olmuşdur; onun yaradıcılığının bu tərəfi sovet filosofları tərəfindən az xatırlanmamış və tənqid edilmişdir. Bu, onunla izah olunur ki, Platonun təsvir etdiyi dövlət kommunistlərin ölkədə qurmaqda olduqları utopiyaya (yaxud antiutopiyaya) çox oxşayırdı....

