Reklam verin!
roni10Aprel 22, 2008 23:08
FRANSA İNQİLABI VƏ HÜQUQLAR BƏYANNAMƏSİ


Silklər Məclisinin (Fransa parlamenti) seçkilərindən sonra hər üç zümrədən olan deputatlar 5 may 1789-cu ildə kralın Versal sarayında öz ilk iclasına toplaşırlar.  Tezliklə parlamentdə üstünlük tamamilə üçüncü silkin əlinə keçir.  Bundan əsəbiləşmiş kral parlamentin fəaliyyətini dayandırmaq qərarına gəlir.

20 iyun 1789-cu ildə üçüncü silkdən olan deputatlar iclaslar salonunun giriş qapısına yaxınlaşarkən orada silahlı keşikçilərlə üzləşirlər.  Keşikçilər salonun təmirə görə bağlandığını bildirirlər.  Lakin deputatlar dağılışmaqdan qəti boyun qaçırır, yaxınlıqdakı tennis zalına toplaşaraq and içirlər ki, kral hakimiyyətini məhdudlaşdırıb feodal imtiyazlarını ləğv edən və əsas insan hüquqlarına təminat verən yeni Konstitusiya qəbul olunmayanacan buranı tərk etməyəcəklər.


Kral güzəştə getməli olur.  O, qalan deputatlara da üçüncü silkə qoşulub parlamentin iclasını davam etdirməyi təklif edir.  Tədricən deputatların əksəriyyəti demokratların irəli sürdükləri islahatların lehinə meyl göstərməyə başlayır.  Birləşmiş deputatlar özlərini vəzifəsi ölkənin yeni Konstitusiyasını təsis etməkdən ibarət olan Milli Assambleya elan edirlər.  Bu zaman kral parlamenti zor gücünə buraxmaq üçün qoşunları Parisə və Versala çəkib gətirməyə başlayır.

Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur.  Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda "aristokrat sui-qəsdi" görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır.  Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir (Bastiliyanın alınması günü Fransada milli bayram kimi qeyd olunur).  Bu, artıq qiyam deyil, əsl inqilab idi.

Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır.  Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə dekret qəbul edir.  Bu dekretdən xəbər tutan kəndlilər yubanmadan kütləvi şəkildə aristokratların və katolik kilsəsinin torpaqlarını zəbt etməyə başlayırlar.

26 avqustda Milli Assambleya əsas insan hüquqlarının toxunulmazlığını elan edən "İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə"ni qəbul edir.  1789-cu ilin avqustunda nümayişçilərin tələbi ilə kral Versaldan Parisə köçür.  Onun ardınca Milli Məclisin deputatları da Parisə gəlir və orada ölkənin yeni siyasi quruluşunun layihəsi üzərində işləməyə başlayırlar.

Milli Assambleya hər kəsin vətəndaş bərabərliyini və dövlətdə hər hansı vəzifəni tutmaq hüququnu qanuniləşdirir, katolik kilsəsinin torpaqlarını milliləşdirir və kilsəni dövlətdən ayırır; ölkənin seçkili inzibatçıların idarə edəcəyi departament, kanton və kommunalardan ibarət yeni və rasional inzibati bölgüsünü müəyyən edir, məhkəmə sistemini dəyişdirir (indən belə hakimlər də seçki yolu ilə təyin edilməlidir).  Milli Assambleya ölkədə konstitusiyalı monarxiya qurmağa cəhd göstərir.

"İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə" dünyadakı liberal fikrin, düşüncə tərzinin bütün əvvəlki nailiyyətlərini özündə cəmləmiş mühüm tarixi sənəddir.  Bəyannamədə ingilis və Amerika inqilablarının təcrübəsi (azadlıq, mülkiyyət, təhlükəsizlik və zorakılığa müqavimət göstərmək hüququ; təqsirsizlik prezumpsiyası), eləcə də Russonun xalq iradəsinin aliliyi haqqındakı baxışları əks olunmuşdur.  Lakin bəyannamədə yeni ideyalar da var idi: qanunlar yalnız cəmiyyətə ziyan vuran şeyləri qadağan edə bilər; bütün vətəndaşlar bərabərdir və öz qabiliyyətlərinə uyğun olaraq istənilən vəzifəni tutmaq hüququna malikdir; vergilər insanın imkanlarına müvafiq ödənilməlidir.

Bəyannamə universal xarakter daşıyırdı - yalnız Fransa vətəndaşları üçün hüquq və azadlıqları deyil, həm də bütün bəşəriyyət üçün "təbii və ayrılmaz hüquqlar"ı bəyan edirdi.  Bütün Avropaya yayılan bəyannamənin mətni geniş müzakirə edilərək inqilaba rəğbət, dəyişikliklərə meyl və həvəs oyadırdı. 

Eyni zamanda, bəyannamənin tənqidçiləri sübut etməyə çalışırdılar ki, orada yazılmış qanunlar ritorika, sözçülükdən başqa şey deyildir və Fransada praktik olaraq bunları təmin etmək qeyri-mümkündür.  Britaniya tarixçisi Karleyl həmin inqilabdan 45 il sonra yazırdı: "İnsan hüququ bütün kağız konstitusiyaların həqiqi kağız əsası deməkdir.  "İnsanın vəzifələrini də göstərmək yaddan çıxıb!", - deyə opponentlər bağırırlar.  "İnsanın imkanlarını da təsdiq etmək yaddan çıxıb", - deyə biz cavab veririk".

* * *


FRANSA MİLLİ ASSAMBLEYASI
İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə
(1789)

Fransız xalqının nümayəndələri Milli Assambleya yaradaraq nadanlığın, insan hüquqlarının unudulması və ya onlara biganəliyin ictimai bəlaların və hökumətlərin korrupsiyaya uymasının yeganə səbəbi olduğuna əsaslanaraq bu təntənəli Bəyannamədə insanın təbii, ayrılmaz və müqəddəs hüquqlarını bu məqsədlə təsdiq edir ki, ictimai ittifaqın bütün üzvlərinə öz hüquq və vəzifələrini daim xatırlatsın;

qanunvericilik və icra hakimiyyətinin hərəkətləri hər an istənilən siyasi təsisatın məqsədilə müqayisə edilə və daha çox hörmətlə qarşılana bilsin və

vətəndaşların bu andan  sadə və şəksiz prinsiplərə əsaslanan tələbləri  Konstitusiyaya əməl edilməsinə və cəmiyyətin ümumi rifahına yönəlsin. 


Buna uyğun olaraq, Milli Assambleya Ali varlığın qarşısında və onun himayəsi altında insan və vətəndaşın aşağıdakı hüquqlarını qəbul və bəyan edir.


1. İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar.  İctimai fərqlər yalnız ümumi mənafe ilə bağlı fikirlərə əsaslana bilər.
 
2. Hər hansı siyasi ittifaqın məqsədi insanın təbii və ayrılmaz hüquqlarının təmin edilməsindən ibarətdir.  Bunlara azadlıq, mülkiyyət, təhlükəsizlik və zülmə müqavimət hüquqları daxildir.
 
3. Xalq mahiyyətcə suveren hakimiyyətin mənbəyini təşkil edir.  Fərdlərin heç bir birliyi, heç bir fərd xalqdan gəlməyən hakimiyyətə malik ola bilməz.
 
4. Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imkanından ibarətdir: beləliklə, hər bir insanın "təbii hüquq"larının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşdırılır.  Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilər.
 
5. Qanun yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir.  Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.
 
6. Qanun ümumi iradənin ifadəsidir.  Bütün vətəndaşlar şəxsən, yaxud nümayəndələri vasitəsilə qanunun yaradılmasında iştirak etmək hüququna malikdir.  Qanun hamı üçün olmalıdır, o qoruyur, yaxud cəzalandırır.  Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər və ona görə də qabiliyyətlərinə uyğun olaraq, şəxsi keyfiyyətlərini və istedadlarını şərtləndirən fərqlərdən başqa hər hansı  fərqdən asılı olmayaraq bütün ictimai mənsəbləri (1), yerləri və yaxud vəzifələri tutmaq hüququna malikdirlər.
 
7. Heç kəs qanunda nəzərdə tutulandan və onun nəzərdə tutduğu prosedurlardan irəli gələnlərdən başqa heç bir halda ittiham edilə, saxlanıla, yaxud həbs edilə bilməz.  Özbaşınalıqla sorğu-suala tutan, əmr verən, onu icra və yaxud icraya məcbur edən hər kəs cəza almalıdır; qanunun hökmü ilə çağırılmış, yaxud saxlanılmış hər bir vətəndaş ona sözsüz tabe olmalıdır: o, müqavimət göstərdiyi halda məsuliyyət daşıyır.
 
8. Qanun yalnız ciddi və şəksiz zəruri cəzalar müəyyən etməlidir; heç kəs qanun pozuntusundan əvvəl qəbul olunmamış və xalqa elan edilməmiş, müvafiq qaydada tətbiq edilməmiş qanunla cəzalandırıla bilməz.
 
9. Hər bir kəs günahı elan edilənə qədər günahsız sayılır; şəxsin həbsinin zəruri olduğu hallarda hər hansı artıq lüzumsuz ciddi tədbirlərin qarşısı qanunla qəti şəkildə alınmalıdır. 
 
10. Heç kəs öz baxışlarına, hətta dini baxışlarına görə sıxışdırılmamalıdır, bir şərtlə ki, onların ifadə olunması qanunla müəyyənləşdirilmiş ictimai asayişi pozmasın.
 
11. Fikir və mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biridir; hər bir vətəndaş yalnız sui-istifadə hallarında qanun qarşısında cavab verməklə öz fikrini azad deyə, yaza, dərc etdirə bilər.
 
12. İnsan və vətəndaş hüquqlarının təminatı üçün dövlətin gücü vacibdir; bu güc ixtiyar sahiblərinin şəxsi maraqları üçün deyil, hamının mənafeyinə xidmət etmək üçün yaradılır.
 
13. Dövlət qüvvələrinin saxlanılması və idarə edilməsi xərcləri üçün ümumi rüsumların yığılması zəruridir; onlar bütün vətəndaşlar arasında imkanlarına uyğun olaraq bərabər bölüşdürülməlidir.
 
14. Bütün vətəndaşlar özləri, yaxud nümayəndələri vasitəsilə dövlət rüsumlarının zəruriliyini müəyyənləşdirmək, onun alınmasına könüllü razılaşmaq, onun xərclənməsinə nəzarət etmək, pay həcmini, əsasını, qaydasını və alınma müddətini təyin etmək hüququna malikdir.
 
15. Cəmiyyətin hər hansı vəzifəli şəxsdən ona tapşırılmış idarəetmə sahəsinə dair  hesabat tələb etmək hüququ var.
 
16. Hüquqların təminatının mövcud olmadığı və hakimiyyətin bölüşdürülmədiyi cəmiyyətdə Konstitusiya yoxdur.
 
17. Mülkiyyət toxunulmaz və müqəddəs hüquq olduğuna görə heç kəs ondan məhrum edilə bilməz.  Bu, yalnız qanun vasitəsilə şəksiz ictimai zərurətin müəyyən olunduğu halda ədalətli və əvvəlcədən edilmiş ödənişdən sonra edilə bilər. 

 

Tam mətni yüklə


Bookmark and Share
roni10Aprel 22, 2008 23:05
BÖYÜK FRANSA İNQİLABI ƏRƏFƏSİNDƏ
Emmanuel Jozef Siyes


1789-cu il Fransa inqilabı elə ilk günlərdən müşahidəçilər tərəfindən Avropanın sosial və siyasi xəritəsini kökündən dəyişdirmiş mühüm tarixi hadisə kimi qiymətləndirildi. Bu inqilab cəmi üçcə ildə qüdrətli monarxiyanı yerlə yeksan elədi, təkəbbürdən dərisinə sığmayan aristokratiyanın nüfuzunu heçə endirdi və katolik kilsəsinin dünyəvi hakimiyyətini büsbütün aradan qaldırdı. İnqilab yeni respublika dövləti yaratdı, bu mütərəqqi quruluşun indiyəcən dünyanın demokratik ölkələri üçün örnək olan qanunları və institutları az bir zaman içində bütün Avropaya yayıldı.

Avropanın mühafizəkar dairələri dünya sivilizasiyasının "axirət günü"ndən, min ildən də çox müddətdə Avropanı idarə etmiş "namus", "şərəf", "nəcabət", "ağsaqqala hörmət", dini inam kimi "əbədi" dəyərlərin məhvindən dəm vurur, liberallar isə xurafat və zorakılıq üzərində qurulmuş rejimin sonundan və yeni əsrin - İnsan Hüququ, Qanun və Ədalət sırasının başlanğıcından xəbər verirdilər. Bu, şəxsi və siyasi hüquqların əvvəllər heç bir hüququ olmayan əhalinin bütün təbəqələri arasında ildırım sürəti ilə yayılması və genişlənməsi prosesi idi.


O zamanlar Fransa əhalisi üç silkə bölünmüşdü. Hakimiyyət və var-dövlət ən imtiyazlı zümrənin - zadəganlığın və ruhaniliyin əlində cəmlənmişdi. Əhalinin qalan 90 faizi heç bir hüququ olmayan "üçüncü silk"ə aid idi. Vergilərin əsas ağırlığı onların belində idi və bu, azmış kimi, həmin zümrə ölkənin idarə olunması üzrə hər hansı hüquqdan tam məhrum idi.

İnqilab ərəfəsində Maarifçilik dövrünün Volter, Didro, Russo, Monteskyö və Dalamber kimi xadimlərinin demokratik dəyişikliklərin zərurəti barədə yaydığı ideyalar, ingilis və Amerika inqilablarının ideyaları fransız cəmiyyətinin bütün təbəqələrinin fikrini möhkəm məşğul etməkdə idi.

İnqilaba bilavasitə təkanı bədxərc kral hökumətinin 1787-ci ildə düşdüyü dərin maliyyə böhranı verdi. Külli miqdarda büdcə kəsirini aradan qaldırmaq üçün kral hakimiyyəti bu dəfə imtiyazlı sinfin üzərinə də vergi qoymaq qərarına gəldi. Maliyyə naziri Əsilzadələr Şurasını çağırdı ki, zadəgan və ruhaniləri yeni vergidən xəbərdar etsin. Lakin onlar öz var-dövlətlərini xəzinə ilə bölüşməkdən boyun qaçırdılar və bununla kifayətlənməyərək tezliklə hökumətin siyasətini sabotaj etməyə başladılar. Aristokratiyanın bu müqavimətinə 17 may 1788-ci il tarixli kral fərmanı ilə hakimiyyətləri məhdudlaşdırılmış ali məhkəmə orqanları başçılıq edirdi.

Əsilzadələrin başladıqları etiraz aksiyasına 1788-ci ilin yayında üçüncü silkin nümayəndələri də qoşuldu. Kral hakimiyyətinə qarşı ümumi narazılıqdan doğan etiraz dalğası Fransanın əksər iri şəhərlərini bürüdü. Xalq Silklər Məclisinin - fransız parlamentinin çağırılmasını tələb edirdi. Kral XVI Lüdovik 5 may 1789-cu ilə qədər Silklər Məclisinin çağırılacağını elan etməyə məcbur oldu. Kral həmçinin ümumi tələbə boyun əyərək söz azadlığı və ibtidai senzuranın ləğv olunduğunu da elan etdi; ölkəni inqilaba çağıran pamfletlər və demokratik islahat layihələrindən danışan esselər bürüdü.

1789-cu ilin əvvəllərində Silklər Məclisinə seçkilər bütün ölkəni silkələyib hərəkətə gətirdi. Silklər Məclisinin çağırılacağı günü parlamentin köməyi ilə ölkədəki siyasi rejimi dəyişdirməyə ümid bəsləyən üçüncü silk xüsusi həsrətlə gözləyirdi.

Əslində bütün ölkə köklü dəyişikliklər ümid və həsrətində idi. Bir çox əsilzadə və ruhanilər də üçüncü silkin ölkədə ümumi bərabərliyin bərqərar olması, əsas insan hüquqlarına və dövlət üzərində cəmiyyətin nəzarəti prinsipinə əməl edilməsi barədəki tələblərini bütövlükdə dəstəkləyirdilər.

Fransa inqilabının ideoloq və siyasi xadimlərindən biri - abbat Emmanuel Jozef Siyes (1748-1836) öz məşhur "Üçüncü silk" pamfletində fransız demokratlarının əsas vəzifələrini yığcam şəkildə belə ifadə etmişdi: "Üçüncü silk nədir? Hər şey! İndiyəcən o nə olub? Heç nə! O nə olmaq istəyir? Nəsə bir şey!".

Özünün "İmtiyazlar haqqında" essesində Siyes ölkədə inqilab ərəfəsindəki feodal qaydalarını təsvir edərkən silk bölgüsünə söykənən mövcud siyasi sistemi amansızcasına ifşa edir, aristokratiyanın və ruhaniliyin imtiyazlarına qarşı öz qəti etirazını bildirirdi. Siyes sübut edirdi ki, bu imtiyazlar nəinki qeyri-qanunidir, eləcə də büsbütün əxlaqsızdır, çünki həm insanı, həm də cəmiyyəti mənəvi iflasa və pozğunluğa sürükləyir.

 

 

EMMANUEL JOZEF SİYES
İmtiyazlar haqqında esse (1789)


Xalq sadəlövhlüklə hesab edir ki, yalnız qanunda yazılan hüquqlara malikdir... Azadlıq hər hansı cəmiyyətdən, hər hansı qanunvericidən əvvəl yaranmışdır...


Adətən belə deyilir ki, imtiyaz onu əldə edənlərə xoşbəxtlik, başqalarına yoxsulluq gətirir. Əgər bu belədirsə, onda razılaşın ki, imtiyaz yararsız bir şeydir. Təsəvvür edək ki, hər hansı cəmiyyət yüksək inkişaf edib və mümkün olan qədər xoşbəxtdir; aydın deyilmi ki, onun tam dağılması üçün bir qismə hər şeyə icazə verib, başqalarını hər şeydən məhrum etmək kifayətdir?..  Bütün imtiyazlar ya qanuna tabe olmaqdan azad edir, ya da qanunla hamı üçün müəyyənləşdirilmiş hər hansı şeyə müstəsna hüquq verir. İmtiyazların mənası da bundadır ki, kimlərsə ümumi qanunlara tabe olmasın, buna isə bu iki yoldan biri ilə nail olmaq olar.

Hər şeydən öncə özümüzə sual verək: qanunun mövzusunu nə təşkil edir? Əlbəttə, bu, kiminsə başqasının azadlığına və ya mülkiyyətinə qəsdinin qarşısını almaqdan ibarətdir. Qanunlar əhli-keflikdən yaranmır. Vətəndaşların azadlığını, əfsus ki, məhdudlaşdıran qanunlar isə sonda istənilən insan birliyi ilə ziddiyyətə girir və onların tez aradan götürülməsi daha yaxşı olardı...

Zəkanın uzun müddət köləlikdə saxlanılması təəssüf doğuran imtiyazların meydana gəlməsinə səbəb olmuşdur. Xalq sadəlövhlüklə hesab edir ki, yalnız qanunda yazılan hüquqlara malikdir. Göründüyü kimi, xalq yaddan çıxarmışdır ki, azadlıq hər hansı cəmiyyətdən, hər hansı qanunvericidən əvvəl yaranmışdır; adamlar ona görə cəmiyyətdə birləşmişlər ki, şərəfsizlərə qalib gəlsinlər və əldə etdikləri təhlükəsizliyin sayəsində mənəvi və fiziki istəklərinin qəti, çoxsahəli və məhsuldar inkişafına nail olsunlar. Qanunverici bizə hüquqlar vermək yox, hüquqlarımızı qorumaq üçündür. Əgər qanunverici azadlığımızı məhdudlaşdırırsa, qoy onda onun hakimiyyəti yalnız cəmiyyətə zərər gətirə biləcək hərəkətlərə qarşı yönəlsin; buna görə də vətəndaş azadlığı qanunla yasaq olmayan hər şeyi əhatə edir.

Bu əsas prinsiplərə arxalanaraq imtiyazlar üzərində məhkəməyə başlayaq. Qanunun asılılığından azad edən imtiyazlar bu məhkəmənin qarşısında duruş gətirə bilmir. Belə ki, istənilən qanunda birbaşa və ya dolayısı ilə deyilir: "Yaxınlarına pislik etmə". Buradan da belə çıxır ki, "imtiyazlılara yaxınlarına pislik etməyə icazə verilir". Lakin kimliyindən asılı olmayaraq heç kəsin bu güzəşti verməyə ixtiyarı yoxdur. Əgər qanun yaxşıdırsa, hamı üçün məcburi olmalıdır, əgər pisdirsə, azadlığa qəsd etdiyinə görə ləğv edilməlidir...

Belə çıxır ki, bütün imtiyazlar ədalətsizliyi, şəri və istənilən siyasi orqanizmin yüksək amalına zidd olanları əks etdirir.

Fəxri imtiyazlar məhv edilməli olan imtiyazların ümumi siyahısından silinə bilməz. Çünki yuxarıda deyilmiş xüsusiyyətlərdən birini - qanunla qadağan olunmamış şeylərə müstəsna hüququ təmsil edir.  Hələ onu demirik ki, çox vaxt imtiyazların ikiüzlülüklə "fəxri" adlandırılması ən rəzil pul maraqlarını gizlətməyə xidmət edir.

Məhz bu imtiyazlar çoxlu sayda insanların alçaldılmasına yönəlmişdir. İnsanın alçaldılmasını isə xırda günah hesab etmək olmaz. Necə ola bilərdi ki, üç yüz min adamın şərəfləndirilməsi xatirinə iyirmi beş milyon yeddi yüz min adam  alçaldılsın. Bunu başa düşmək olmur. Bu faktın, şübhəsiz, ictimai maraqla ortaqlı heç nəyi yoxdur...

Bir anlıq təsəvvür edin ki, imtiyazı alan adam hansı yeni hissləri keçirir.  O, özünə bərabərlərin arasında özünü başqa zümrənin nümayəndəsi, millətin içərisində isə xüsusi ayrılmış millətin nümayəndəsi kimi hiss edir.  O belə fikirləşir ki, əvvəla, yalnız onunla bir kastaya daxil olanlara borcludur... Cəmiyyət onu artıq maraqlandırmır. Sözündə və fikirlərində cəmiyyət onun üçün tezliklə xidmət etməkdən ötrü yaranmış insan sinfindən, sürüdən, tör-töküntüdən  başqa bir şey deyildir.  O özü isə hökm etmək və həzz almaq üçün yaranmışdır.

Bəli, imtiyazlılar həqiqətən bu fikrə gəlirlər ki, onlar başqadırlar... Mən imtiyazı olan hər bir vicdanlı və səmimi (əlbəttə, belələri varsa) adamdan soruşuram ki, o, xalq içərisindən çıxmış bir adamın mühafizəçi kimi deyil, elə-belə onun yanında görünməsindən ikrah hissi keçirirmi, xırda bəhanələrlə, kəskin və təhqiramiz sözlər işlədərək onu başdan rədd etməyə çalışırmı?..

Burayadək mən fərq qoymadan bütün imtiyazlar haqqında danışırdım... Əgər şər və mənasızlıqlar siyahısında dərəcə varsa, onda irsi imtiyazlılar, şübhəsiz, birinci yerdə olmalıdır. Və mən bu aydın həqiqəti sübut etmək üçün öz dəlillərimdən geri çəkilməyəcəyəm...

Gözlərimiz qarşısında millətin itaətkarlığı şəraitində imtiyazlılar kütləsinin necə artdığını müşahidə edirik. Onlar arxayındırlar ki, yalnız mənşələrinə görə malik olduqları hüquq onlara şan-şöhrət və insan nəslinin bir hissəsinə yiyəlik etmək imkanı verir.

İmtiyazlı cənabların təkcə özünü nəsə ayrı bir insan nəsli hesab etməsi də kifayət edərdi, amma yox... Onlar monarxiya rejimindəki istənilən cəmiyyət üçün özlərini bütöv bir imtiyazlı sinif kimi zəruri hesab edirlər.  Onlar hökumət başçısı, yaxud monarxın özü ilə danışanda özlərini taxt-tacın dayağı və onu xalqın qəsdindən qoruyan təbii qoruyucular kimi təqdim edirlər, əksinə, xalqa müraciət edəndə onun guya həqiqi müdafiəçilərinə çevrilirlər - guya onlar olmasaydı, istibdad xalqı əzib məhv edərdi.

Bir az mərifəti olsaydı, hökumət başa düşərdi ki, cəmiyyətə yalnız qanunun himayəsi altında yaşayan və fəaliyyət göstərən vətəndaşlar, bir də üzərinə müdafiə və qoruma funksiyaları qoyulmuş mühafizə hakimiyyəti lazımdır.

Yeganə vacib iyerarxiya hakimiyyət aparatı işçilərinin arasında qoyulur; burada səlahiyyətlərin dərəcələnməsi vacibdir, aşağı və yuxarı pillələr arasında həqiqi qarşılıqlı münasibətlər yaradılmalıdır. Belə ki, ictimai mexanizm yalnız bu münasibətlərin əsasında hərəkətə gətirilə bilər.

Bunlardan başqa, qanun qarşısında yalnız bərabər vətəndaşlar mövcuddur.  Onlar bir-birlərindən yox (bu, mənasız bir quldarlıq olardı), onları qoruyan, mühakimə, müdafiə və s. edən hakimiyyətdən asılı olmalıdır.

Ən zəngin mülklərə sahib olanlar gündəlik qazancla dolananlardan üstün olmamalıdır. Əgər varlı daha çox vergi verirsə, ondan öz mülklərinə daha çox qayğı göstərməsi tələb olunur. Və məgər ən məzlum dilənçi daha az qiymətlidir, onun hüquqlarına daha az hörmət edilməlidir?..

Vətəndaşlar arasında bütün münasibətlər azad xarakter daşıyır. Biri öz vaxtını, yaxud malını təklif edir, digəri isə əvəzində pulunu verir. Burada birinin digərindən asılılığının qoxusu da gəlmir, yalnız daimi mübadilə mövcuddur. Bütün vətəndaş sinifləri öz funksiyalarına malikdir, ümumi işin bir hissəsini təşkil edən öz işləri ilə məşğuldurlar ki, bu da cəmiyyətin ümumi inkişafını təmin edir...

Aşağı təbəqələrdən kimsə öz şəxsi əməyi sayəsində, yaxud sənətkarlığı ilə az-çox sərvət toplayarsa, ya da dövlət qulluqçusu daha asan yolla nəyəsə nail olarsa, dərhal imtiyazlı cənabların tamah dolu gözləri onlara yönəlir.  Belə çıxır ki, yazıq millətimiz imtiyazlı sinfin zənginləşməsi üçün işləməyə və günbəgün yoxsullaşmağa məhkum edilmişdir.

Əkinçiliyin, fabriklərin, ticarətin və incəsənətin inkişafına çalışmağın, yüksəlməyin və yaratdıqları kapitalın bir hissəsini, xalqın rifahını artırmağa səy göstərməyin  mənası yoxdur: imtiyazlı cənablar kapitalı da, adamları da udublar, hər şey qəti olaraq imtiyazlılar sinfinə verilmişdir.

İmtiyazlar mövzusu onu törətmiş və müdafiə etməkdə olan xurafat kimi sonsuzdur. Bu mövzunu kənara qoyaq və özümüzü nəticə çıxarmaq əziyyətindən qurtaraq. Vaxt gələr, gələcək nəsillər tariximizi oxuyarkən təhqirin ağırlığından donub qalacaq və layiq olanların adlarını ən ağır sözlərlə lənətləyəcəklər.

 

Tam mətni yüklə


Bookmark and Share
roni10Aprel 22, 2008 23:00
 JAN-JAK RUSSO
                      İctimai müqavilə haqqında

İsveçrə filosofu Jan-Jak Russonun (1712-1778) əsərləri Avropanın ictimai şüuruna böyük təsir göstərmişdir.  Əgər Con Lokk Amerika inqilabının ilhamvericisi sayılırsa, Russonu haqlı olaraq Böyük Fransa inqilabının (1789) və hətta Rusiya bolşevik inqilabının (1917) intellektual atası hesab etmək olar.

Russo Cenevrədə saatsaz ailəsində doğulub və anasının vəfatından sonra atası onu tərbiyə etmişdir.  O, sistemli şəkildə təhsil almamış, lakin özü klassik və müasir fəlsəfə ilə ciddi məşğul olmuşdur.  Oymaçı emalatxanasında işə düzələn Russo 1728-ci ildə Cenevrəni tərk edir və madam Varensin yanında məskunlaşaraq onunla dostluq edir; onun köməyi ilə şəxsi qaydada öz təhsili ilə ciddi məşğul olmaq imkanı qazanır.  1742-ci ildə Russo Parisə - o vaxtkı dünyanın intellektual mərkəzinə köçür.  O burada Dalamber və digər fransız filosof ensiklopediyaçıları ilə tanış olur.  1750-ci ildə Russonun "İncəsənət və elm haqqında düşüncələr" essesi Dijon şəhəri akademiyasının keçirdiyi müsabiqədə qalib gəlir.  Onun sonrakı əsərləri, xüsusilə də "İctimai müqavilə haqqında" şah əsəri müəllifinə Ümumavropa şöhrəti gətirir, eyni zamanda həm Fransa, həm də İsveçrə hakimiyyətlərinin qəzəbinə səbəb olur.  Russonun əsərləri yasaqlanır, o, Parisi tərk etməli olur və buraya bir də 1770-ci ildə qayıda bilir.


Russo ictimai müqavilə nəzəriyyəsini parlaq şəkildə populyarlaşdırmış və eyni zamanda ona bir sıra xüsusi cizgilər əlavə etmişdir.  Russo bütün insanların bərabərliyini tanımayan və insanı anadangəlmə xudbin və qüsurlu varlıq hesab edən Aristotel və Hobbsu kəskin tənqid edirdi.  Russo bildirirdi ki, "insan azad doğulur, lakin hər yerdə zəncirlənmişdir".  Bu vəziyyətin səbəbi ədalətsiz ictimai quruluşda, konkret olaraq isə feodal qaydalarında və insanları bir-birinə düşmən etmiş xüsusi mülkiyyətdədir.  Cəmiyyətdə mövcud ziddiyyətləri aradan qaldırmaq üçün insanlar arasında tarixəqədərki harmonik münasibətlərə qayıtmaq lazımdır.

Russo hesab edirdi ki, insanlar öz mülkiyyət və azadlıqlarını müdafiə etmək üçün ictimai müqavilə bağlayırlar.  İctimai müqavilənin bağlanması nəticəsində vahid ictimai və mənəvi orqanizm - Dövlət meydana gəlir.  Russoya görə, Suveren - xalqdır, onun iradəsi mütləqdir və dəyişikliyə məruz qala bilməz.  Russo insanın fərdi təbiətindən başlayaraq sonda ictimai, kollektiv başlanğıcın insan hüquqlarından üstünlüyü ideyasına gəlib çıxır.  Beləliklə, Russonun nəzəriyyəsi bəşəriyyətin tarixində ən totalitar doktrinalardan birini təmsil edir.

Russonun mütləq ümumi iradə haqqında tezisi sonralar Hegel, Marks və Leninin siyasi doktrinalarına ciddi təsir göstərmişdir.  Russo bildirir ki, cəmiyyətin bütün üzvlərinin razılığı ilə yaradılan və ümumi iradəni ifadə edən ali hakimiyyət insanların maraqlarına zidd ola bilməz, ona görə də hakimiyyətə cəmiyyət tərəfindən nəzarət edilməsindən heç söhbət də gedə bilməz.  Russonun ümumi iradə haqqında nəzəriyyəsi Fransa və Rusiya inqilablarının birpartiyalı diktaturası və qanlı terrorunun ideoloji əsasına çevrildi.

Russo yazırdı ki, "əgər kimsə ümumi iradəyə tabe olmaqdan imtina edərsə, bütün orqanizm tərəfindən o buna məcbur ediləcəkdir; bu, yalnız o deməkdir ki, onu zorla azad edəcəklər".  Bunu kommunist və faşist ölkələrinin rəhbərləri artıq nümayiş etdirmişlər.  Bu halı Corc Oruell öz antiutopik romanında ("1984") belə müəyyən etmişdir: "Azadlıq köləlikdir".

* * *

JAN-JAK RUSSO
İctimai müqavilə haqqında (1762)

Mən insanları olduğu kimi, qanunları isə olmalı olduğu kimi qəbul etdikdə mülki vəziyyətdə etibarlı və qanunlara əsaslanan hər hansı bir idarəetmə prinsipinin mümkünlüyünü araşdırmaq istəyirəm.  Bu araşdırmada mən hüququn icazə verdiyini mənafenin tələb etdiyi ilə daim uyğunlaşdırmağa çalışacağam ki, ədalət və fayda arasında heç bir ziddiyyət olmasın. 

Məndən soruşa bilərlər: məgər mən hökmdar, yaxud qanunvericiyəm ki, siyasətdən yazıram? Əgər mən hökmdar, yaxud qanunverici olsaydım, nə etmək lazım gəldiyi barədə söhbətlərə vaxt itirməzdim - ya bunu edərdim, ya da susardım. 

Bir halda ki, azad Dövlətin vətəndaşı və Suverenin üzvüyəm , mənim səsimin ictimai işlərdə əhəmiyyəti nə qədər az olsa da, bu işlərin müzakirəsi zamanı səsvermə hüququm kifayətdir ki, bu işlərin mahiyyətini özüm üçün aydınlaşdırmaq vəzifəsini öhdəmə götürüm və xoşbəxtəm ki, hər dəfə idarəetmənin formaları haqqında mülahizələr yürüdərkən öz ölkəmin idarəetmə tərzini sevmək üçün yeni-yeni səbəblər tapıram.

 

Tam mətni yüklə


Bookmark and Share
roni10Aprel 22, 2008 22:58
ŞARL DE MONTESKYÖ
  Hakimiyyətin bölünməsi haqqında


Fransanın siyasi filosofu baron Şarl de Monteskyö (1689-1755) orta səviyyəli hərbçi aristokrat ailəsində doğulmuşdur. O, Bordo və Paris universitetlərində yaxşı təhsil almış, vəkil işləmişdir. Monteskyö on iki il fasiləsiz olaraq  öz doğma Bordo dairəsində "parlament"ə - yerli şura və məhkəməyə başçılıq etmişdir. Məhz bu illər onun siyasi elmlərə marağını müəyyən etmişdir. O, 1721-ci ildə bütün ətrafı üçün gözlənilməz olaraq  "İran məktubları" əsərini yazır və tezliklə məşhurlaşır. "İran məktubları" Fransanın XIV Lüdovik dövrünə və İran sivilizasiyasına iki İran səyyahının gözü ilə baxan gözəl bir siyasi satira idi.

1726-cı ildə Monteskyö Parisə köçür və iki ildən sonra Fransa Akademiyasına seçilir. O, Avropa ölkələrinə çoxlu səyahətlər edir, müxtəlif ölkələrin dövlət hakimiyyətinin quruluşunu müşahidə edir və təhlillər aparır. Monteskyö dünyada ilk dəfə olaraq  siyasi proseslərin inkişaf qanunauyğunluqları haqqında ümumiləşdirilmiş nəticələr almaq üçün müxtəlif ölkə hüquqlarının müqayisəli öyrənilməsindən şüurlu və sistematik şəkildə istifadə etməyə başlayır.


Monteskyö "Qanunların ruhu haqqında" məşhur əsərində siyasi sistemlərlə ölkənin mədəniyyəti, coğrafi və tarixi kontekst arasında əlaqələri təhlil edir. 1748-ci ildə yazılmış bu əsər bütün dünyada dövlət hakimiyyətinin demokratik sisteminin inkişafına böyük təsir göstərmişdir. "Qanunların ruhu haqqında" essenin liberal və antiklerikal yönəlişi, gözəl siyasi təhlil onu tezliklə çox populyar edir və bu, katolik kilsəsini təşvişə salır. Nəticədə 1751-ci ildə bu əsər qadağan olunur.

Monteskyö Lokkun ənənələrini davam etdirərək Hobbsun, sonralar isə Russonun güclü və totalitar sistemindən fərqlənən liberal-demokratik dövlət quruluşunun prinsiplərini formalaşdırdı. Hobbs İngiltərə inqilabını izləyərək cəmiyyətin vətəndaş iğtişaşlarından xilas edilməsi problemini həll etməyə çalışırdı, Monteskyö isə Avropada mütləq monarxiyaları müşahidə edərək kral hakimiyyətinin vətəndaşa qarşı özbaşınalığını məhdudlaşdırmaq üçün səmərəli vasitələr axtarırdı. Bu məqsədlə Monteskyö hüquqi dövlət və hakimiyyətin bölünməsi konsepsiyasını irəli sürür.

Monteskyö yazırdı ki, hüquqi dövlətdə hamı qanun qarşısında bərabər olmalı və qanuna ciddi şəkildə riayət edilməlidir: "Azadlıq qanunun imkan verdiyi hər şeyi etmək hüququdur". Hakimiyyət tərəfindən özbaşınalığın qarşısını almaq üçün dövlət hakimiyyəti bir əldə cəmləşdirilməməlidir; hakimiyyət dövlətin qanunverici, icraedici və məhkəmə orqanları arasında bölünməlidir və qoy onlardan hər biri digərinə nəzarət etsin və yanlış addımlardan saxlasın.

Monteskyönün konsepsiyası dövlət hüququ nəzəriyyəsinə böyük təsir göstərdi. O, Böyük Britaniyada konstitusyon inkişafa təsir etdi, sonra ABŞ Konstitusiyasında öz parlaq əksini tapdı və daha sonralar müasir dünyanın, demək olar ki, bütün demokratik dövlətlərinin konstitusiyalarında öz yerini tutdu.

* * *


ŞARL DE MONTESKYÖ
İngiltərənin dövlət quruluşu haqqında (1748)

Hər bir dövlətdə üç hakimiyyət növü var: qanunverici hakimiyyət, beynəlxalq hüquq məsələləriylə məşğul olan icraedici hakimiyyət və mülki hüquq məsələlərinə baxan icraedici hakimiyyət.

Birinci hakimiyyətin əsasında hökmdar, yaxud idarə müvəqqəti, yaxud daimi qanunlar yaradır, qanunlarda düzəlişlər aparır, yaxud mövcud qanunları ləğv edir, ikinci hakimiyyətin əsasında müharibə elan edir, yaxud sülh bağlayır, səfirləri göndərir, yaxud qəbul edir, təhlükəsizliyi təmin edir, basqınların qarşısını alır, üçüncü hakimiyyət əsasında  cinayətləri cəzalandırır və fiziki şəxslərin ixtilaflarını həll edir. Axırıncı hakimiyyəti məhkəmə hakimiyyəti, ikincisini isə sadəcə olaraq dövlətin icraedici hakimiyyəti adlandırmaq olar.

Vətəndaş üçün siyasi azadlıq onun öz təhlükəsizliyinə olan inama əsaslanan ruhi sakitliyi deməkdir. Belə bir azadlığa malik olmaq üçün elə bir idarəetmə zəruridir ki, onun dövründə bir vətəndaş o biri vətəndaşdan qorxmaya bilsin.

Əgər qanunverici və icraedici hakimiyyətlər bir şəxsin, yaxud idarənin timsalında birləşsə, bu zaman azadlıq olmayacaqdır, belə ki, bu hökmdarın, yaxud senatın müstəbid qanunlar yaradacağı və bunları müstəbidcəsinə tətbiq edəcəyi təhlükəsi yaranacaqdır.

Məhkəmə hakimiyyəti qanunverici və icraedici hakimiyyətdən ayrılmadığı halda da azadlıq olmayacaqdır. Əgər o, qanunverici hakimiyyətlə birləşdirilibsə, bu halda vətəndaşların həyatı və azadlığı özbaşınalığın hakimiyyəti altına düşəcəkdir, çünki hakim həm də qanunverici olacaqdır. Əgər məhkəmə hakimiyyəti icraedici hakimiyyətlə birləşibsə, bu halda hakim müstəbid olmaq imkanı əldə edəcəkdir.

Əgər hakimiyyətin bu üç növü: qanunları yaradan hakimiyyət, ümumdövlət xarakterli qərarları icra edən hakimiyyət və cinayətləri, yaxud xüsusi şəxslərin mülki iddialarını mühakimə edən hakimiyyət eyni bir adamın şəxsində, yaxud əyanlardan, zadəganlardan və ya sadə insanlardan təşkil edilmiş eyni bir idarənin şəxsində birləşsəydi, o zaman hər şey məhv olardı.

Avropa dövlətlərinin əksəriyyətində mötədil idarə üsulu qurulmuşdur, çünki onların hökmdarları ilk iki hakimiyyəti öz əllərində saxlasalar da, üçüncü hakimiyyəti idarə etməyi öz təbəələrinin ixtiyarına vermişlər.

 

Tam mətni yüklə


Bookmark and Share
roni10Aprel 22, 2008 22:54

FRANSADA VƏ AVROPADA
RESPUBLİKAÇILIQ VƏ ƏKSİNQİLAB

Fransa inqilabını tanımaq istəməyən bir çox aristokratlar və din xadimləri ölkəni tərk edirlər.  Ancaq onlar çox da uzaqlara getməyib Fransanın sərhəd rayonlarında hərbi dəstələr yaradaraq Avropa monarxlarını tezliklə onların ölkələrinin də yoluxa biləcəyi inqilab "taun"una qarşı mübarizəyə səsləyirlər.  Geniş antifransız ittifaqının yaranması üçün onların əlinə bəhanəni tezliklə elə fransız inqilabçılarının özləri verirlər.  Fransa Milli Assambleyası beynəlxalq hüququn yeni və inqilabi prinsipini - "millətlərin öz müqəddəratını təyinetmə hüququ"nu bəyan edir.  Bundan dərhal sonra fransız qoşunları papa ərazisinə - Avinyona girir.  Bu "küfr"dən hiddətlənən Avropa dövlətləri Fransız əksinqilabçılarına hərtərəfli yardım göstərməyə və ölkələrindəki demokratik qüvvələri amansızcasına təqib etməyə başlayırlar.  20 aprel 1792-ci ildə Fransa Avstriya və Prussiyaya müharibə elan edir.  Bu müharibənin ali məqsədi demokratiyanı bütün Avropaya yaymaq idi.


Müharibə fransız ordusunun uğursuzluğu ilə başlayır.  Avstriya-Prussiya qoşunlarının Paris üzərinə yeriməsi fransız millətçiliyinin güclənib alovlanmasına təkan verir.  Yüz minlərcə könüllü inqilabi ordunun sıralarına axışır.  1792-ci il aprelin sonlarında sapyor hissəsinin kapitanı Jozef Ruje de Lil bir gecənin içində "Reyn ordusunun döyüş nəğməsi"ni yazır.  Bu coşqun vətənpərvər himn Marselə gedib çıxır və artıq buradan könüllülərin dilində "Marselyoza" adıyla Fransa inqilabının simvollarından biri kimi bütün ölkəyə yayılır.  1795-ci ildə "Marselyoza" Fransa Respublikasının milli himni olur.

20 sentyabr 1792-ci il inqilabi ordu Valma yaxınlığında Prussiya qoşunlarını çökdürür.  Ertəsi gün Milli Assambleya monarxiya rejiminin devrildiyini və respublika qurulduğunu elan edir.  Respublika ordusu cəmi bir neçə ayın içində əksinqilabi ittifaq üzərində bir sıra parlaq qələbə çalaraq Belçika, Reynland, Savoy və Nitsanı ələ keçirir.  Devrilmiş kral Fransa dövlətinin düşmənləri ilə əməkdaşlıqda ittiham olunur və 21 yanvar 1793-cü ildə edam edilir.

Birinci Fransa inqilabı 9 noyabr 1799-cu ildə süquta uğrayır, saysız-hesabsız müharibələrdən və daxili sarsıntılardan sonra hakimiyyət artıq diktatorun - gənc və uğurlu general Napoleon Bonapartın əlinə keçir.  Napoleonun hakimiyyəti zəbt etməsi inqilabın sonundan xəbər versə də, o öz işğalçı yürüşləri ilə hüquq bərabərliyi iddiasını və respublika dövlətçiliyi ideyalarını istər-istəməz bütün Avropaya yayır.  Beləcə, Avropada köhnə rejimin xarabalıqları içərisindən demokratiyanın zəfər yürüşü başlanır.

* * *

JOZEF RUJE DE LİL
Marselyoza (1792)

İrəli, yurd oğulları!
Gəlib çatıb şöhrət anı. 
Qoşun çəkir bizə sarı,
Qanlı bayraqlar tiranı. 
Əsgərlərin vəhşi səsi
Dəlib  keçir  qulaqları,
Qadınları, uşaqları
Qorxudur ölüm hədəsi.

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!

Bizlərdən nə istəyir ki,
Kölələr-krallar ordusu?.. 
Onlar qandal hazırlayır
Çoxdan fransıza axı!
Qandal - rüsvayçılıq! Aman!
Ürəkdə qəzəb alışır. 
Nə üçün qul tək danışır
Onlar bizimlə hər zaman?!

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!

Gəlmələrə arxalanıb,
Qanun yazır onlar bizə. 
Satın alınmış gədalar
Sahib çıxır evimizə. 
İlahi! Düşmüşük dara!
Qollarımız zəncirdədi -
Qul olaq deyə əbədi
Despotlara, tiranlara!

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!

Əsməcəyə düşsün tiran 
Başının küt dəstəsiylə. 
Məkrli məmləkət quran
Cəzalansın haqq səsiylə.
Əsgər olmuşuq hamımız,
Gənc igidlər həlak oldu.
İkiqat artıq doğulduq
Yenmək üçün sizləri  biz. 

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!

Fransızlar! Böyük ürək
Döyüşdən bezmiş hər kəsi,
Siz mərdlərə göstərərək,
Amana çağırır sizi!
Amma qanlı və qəddardır 
Buye'yə şərik olanlar.
Bir yırtıcı kimi onlar,
Anaya da amansızdır. 

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!

Ey müqəddəs yurd sevgisi,
Apar bizi intiqama. 
Azadlıq! Şəhid bil bizi,
Yox onlara  xilas amma. 
Qoy bayraq kimi  yüksəlsin
Qələbənin  qadir  səsi. 
Şöhrət olur yurd sevgisi,
Qoy müştəbeh düşmən bilsin. 

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!

Yolda ki canlar qoyublar,
Biz o yolla gedəcəyik. 
Mərdlər harda uyuyublar
Orada and içəcəyik. 
Ölmək xoşdur igidlər tək
Dözmək alçaltmasın bizi,
Toplayaraq gücümüzü,
Təki qisas alıb ölək. 

Silahlanın, vətəndaşlar!
Birləşin bir cərgədə siz!
İrəli! İrəli!
Düşmənlərin al qanıyla
Qoy boyansın çöllərimiz!

 

Tam mətni yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:55

10. CON LOKK
Vicdan azadlığı haqqında


İnsanın şəxsi əqidəyə (hətta yanlış olsa belə), təkrarsız daxili aləmə malik olmaq hüququnu dərk etməsi Qərbi Avropanın ictimai şüurunda dini reformasiya uğrunda kütləvi hərəkat dövründə yayılmağa başlamışdır. Burada çoxsaylı protestant cərəyanlarının və təriqətlərin meydana gəlməsi, təriqətçilərin öz əqidələrini inadkarlıqla müdafiə etməsi cəmiyyətdə dini dözümlülük ideyasının yaranmasına, vahid dövlət dininin tətbiqindən imtina edilməsinə səbəb oldu. Hələ Birinci İngiltərə inqilabının gedişində independent və leveller partiyaları əsas tələblərdən biri kimi etiqad azadlığını irəli sürürdülər.


Lokkun "Dini dözümlülük haqqında məktub"u demokratik ədəbiyyatın klassik əsərlərindən hesab olunur. İnsanın öz müqəddəratını təyin etməsinin tərəfdarı olan Lokk dini etiqad azadlığını dövlətin insanı məhrum edə bilməyəcəyi əsas "təbii hüquq"lardan biri kimi qəbul edirdi.  Lokk "Dini dözümlülük haqqında məktub"u 1685-ci ildə Hollandiyada mühacirətdə olarkən yazmışdır. Məhz bu vaxt Fransa kralı XIV Lüdovik protestantlara dini etiqad azadlığı verən Nant Ediktini (1598) ləğv etmiş, bunun nəticəsində Fransanı 200 minə yaxın protestant tərk etmişdi. "Dini dözümlülük haqqında məktub" Şanlı İngiltərə inqilabının qələbəsindən və ingilis demokratlarının bir neçə nəslinin uğrunda uzun müddət mübarizə apardığı "Dini dözümlülük haqqında akt" qəbul olunandan sonra - 1698-ci ildə İngiltərədə dərc olunmuşdur. Lokk "Dini dözümlülük haqqında məktub"unda qızğınlıqla kilsənin dövlətdən ayrılması və dini etiqad azadlığı uğrunda çıxış edib. Lokkun fikrincə, bu azadlıq yalnız protestant təriqətlərinə aid olmalı və katoliklərə şamil edilməməli idi. İngiltərədə katoliklərin və yəhudilərin şəxsi və siyasi hüquqlarının məhdudlaşdırılması ondan sonra 150 il davam etmişdir....

 

Yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:53

9. CON LOKK
İctimai müqavilə haqqında


İngilis filosofu Con Lokk (1632-1704) haqlı olaraq liberal demokratiyanın atası hesab edilir. Hobbsun siyasi fəlsəfəsini Birinci İngiltərə inqilabının nəzəri təhlilinin nəticəsi kimi qiymətləndirmək olarsa, Lokka parlament quruluşunu bərqərar etmiş (1688-1689) ikinci, yaxud Şanlı İngiltərə inqilabının ideoloqu kimi baxılmalıdır.


Lokk orta səviyyəli protestant ailəsində doğulub. Atası əqidəli demokrat idi və Birinci İngiltərə inqilabında parlament tərəfində vuruşub. Lokk Oksfordda yaxşı təhsil alıb. Monarxiyanın bərpasından sonra II Karlın vaxtında diplomatik xidmətdə olub. Lakin o, həmişə Viqlər Partiyasına (Britaniyanın gələcək Liberal Partiyası) rəğbət bəsləmişdir. Bu partiya kral hakimiyyətinin məhdudlaşdırılmasının tərəfdarı idi. Viqlərin II Karla qarşı üsyanı amansızlıqla yatırılır və Lokk 1683-cü ildə Hollandiyaya qaçmalı olur. 1689-cu ildə Şanlı inqilabın qələbəsindən sonra Lokk yeni kral Oranlı Vilhemlə birlikdə vətənə dönərək təntənə ilə qarşılanır və tezliklə viqlərin qəbul etdiyi  intellektual liderə çevrilir.

Lokk Hobbsdan fərqli olaraq, ictimai müqavilə nəzəriyyəsinin başqa bir istiqamətini yaratmışdır. O, bu nəzəriyyədən cəmiyyət tərəfindən mütləqiyyətin məhdudlaşdırılmasını əsaslandırmaq üçün istifadə edib, liberal demokratiya və konstitusiyaçılığın ilkin nəzəri şərtlərini yaradıb....

Yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:52

7. İNGİLTƏRƏDƏ KONSTİTUSİYALI MONARXİYANIN BƏRQƏRAR OLMASI
VƏ SEÇKİ HÜQUQUNUN GENİŞLƏNMƏSİ

İngiltərədə 1649-cu ildə bərqərar olan və lord-protektor Oliver Kromvelin başçılıq etdiyi respublika uzun müddət qala bilmir.  Kromvelin hərbi diktaturası mahiyyətcə kral hakimiyyətindən az fərqlənirdi.  Kromvel doqquz illik hakimiyyəti dövründə üç dəfə parlamenti qovmuş və son olaraq bütün hakimiyyəti öz əlinə almışdı.  1658-ci ildə Kromvel öldükdən sonra hakimiyyət onun oğluna keçir, lakin o, bu cür qarışıq vaxtda dövləti idarə edə bilmir.


İki ildən sonra parlament edam edilmiş kral I Karlın oğlunu taxt-taca dəvət etmək qərarına gəlir.  Xalq kralı sevinclə qarşılayır.  Kral zəbt edilmiş torpaqları öz əvvəlki sahiblərinə qaytarmağı əmr edir, vahid anqlikan kilsəsini bərpa və protestant sektalarını qadağan edir.  Lakin inqilab ölkəni dəyişmişdi və onu köhnə qaydalarla idarə etmək mümkün deyildi.  Parlament kralın onu buraxmasına imkan verməmək məqsədilə kralın xərcləri üçün hər il parlament tərəfindən pul vəsaitinin müəyyən olunması haqqında qərar qəbul edir, kral nazirlərinin fəaliyyətinə nəzarət etmək hüququ müəyyənləşdirir və kralın hər hansı fərman verməməsinə nəzarət edir, belə ki, ölkədə qanunları yalnız parlament qəbul etməli idi.  Parlamentdə "torilər" (kralın tərəfdarları) və "viqlər"in (parlamentin üstünlüyünü müdafiə edənlər) partiyaları yaranır.  Onların arasında mübarizə 1679-cu ildə kəskinləşir, bu vaxt viqlər kraldan tələb etdilər ki, öz kiçik qardaşını katolik olduğuna görə varislik hüququndan məhrum etsin.  II Karl bu tələbi yerinə yetirməkdən imtina edir və parlamenti buraxır.  Bundan sonra parlament dörd il çağırılmır.  Üsyan etmiş viqlər darmadağın edilir, onların liderləri edam olunur, yaxud mühacirət etməli olur....

 

Yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:51

8. TOMAS HOBBS
İctimai müqavilə haqqında


Filosof Tomas Hobbs (1588-1679) 17-ci əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuşdur.  Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olur. O, 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti ilə barışır. 


Hobbs özünün başlıca əsərlərində ["Fəlsəfənin əsasları" (1642); "Leviafan" (1651); "Begemot" (1668)] ictimai müqavilənin yeni nəzəriyyəsini irəli sürür.  Bu yeni nəzəriyyə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdi.  Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasından ibarət idi.

Hobbsa görə, insan anadan "təbii hüquqlar"ı (Rights of Nature) - tələbatlarının ödənilməsi haqları ilə doğulur.  Onlara yaşamaq, başlıca həyat tələbatları, düşmən təcavüzündən qorunmaq haqları daxildir.  Təbii haqlar vəhşi, cəmiyyətəqədərki tarixi dövr insanlarını səciyyələndirir, burada hələ nə qanun, nə də mülkiyyət - yalnız hər kəsin özünə lazım olan şeyləri qoparıb almaq haqqı var.  İnsan özü özünə hakimlik edir.  Və insan təbiəti etibarilə eqoist olduğuna görə hər kəs çalışır ki, daha çox şey ələ keçirsin, buradan da "hamının hamıya qarşı müharibəsi" başlayır....


Yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:49

6. İNGİLTƏRƏ İNQİLABI. LEVELLERLƏR
Demokratiya və insan haqları uğrunda ilk kütləvi hərəkat

17-ci əsr İngiltərə inqilabı bəşəriyyətin həyatında Yeni Tarix dövrünü açır.  Bu, feodal zülmündən qurtulma, kapitalist istehsalının inkişafı, insanların bərabərlik və azadlıqlarını bəyan etmiş liberalizm ideologiyasının çiçəklənməsi və mənəvi yeniləşmə uğrundakı kütləvi hərəkatlar dövrüdür.  17-ci əsr liberallarının, yalnız vətəndaşların  ümumi razılığı ilə fəaliyyət göstərməli olan dövlət haqqında və hakimiyyətin insan  həyatına müdaxiləsini məhdudlaşdırmaq barədəki  ideyaları müxtəlif sənədlərdə - parlament aktlarında, üsyana qalxmış demokratların çağırışlarında, esse və pamfletlərdə hərtərəfli əksini tapmışdır.  Yüz il sonra bu ideyalar liberalizm məfkurəsini əvvəlcə Avropaya, sonralar isə bütün dünyaya yaymış, Amerika və Fransa inqilablarına ruh və təkan vermişdir...


1625-ci ildə İngiltərə taxtına gənc və özündənrazı I Karl qalxdı.  Az sonra kralın və onun əyanlarının özbaşınalığı ölkədə və parlamentdə ciddi narazılıqlar doğurdu.  Lakin I Karl öz nazirlərini ayağa verməkdənsə parlamenti buraxmağı üstün tutdu.  Fəqət parlamenti buraxmaqla kral vəsaitsiz qalmış oldu: ingilis azadlıq ənənələrinə sadiq qalan əhali özünün parlamentdəki nümayəndələrinin razılığı olmadan vergiləri ödəməkdən boyun qaçırırdı.  Kral yenidən parlamenti yığmağa məcbur oldu, lakin deputatlar əvvəlki tək kralın sevimli naziri - dövlət işlərini başlı-başına buraxmış və dövlət vəsaitini dədə malı kimi öz bitib-tükənməyən əyləncələri yolunda səpələyən hersoq Bekingemin məhkəməyə verilməsini təkid etdilər....

Yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:44

4. İNSAN HAQLARI UĞRUNDA İLK UĞURLU ADDIMLAR
İngilis Azadlıqlarının Böyük Toplusu - Magna Carta (1215)

 

Təmin edilmiş insan haqları uğrunda mübarizənin tarixi demokratiya (çoxluğun hakimiyyəti) uğrunda mübarizə tarixindən daha gəncdir, onun cəmisi 700 yaşı var.  Demokratiyanın vətəni Qədim Yunanıstandırsa, liberalizmin (dövlət müdaxiləsindən qorunmuş insan haqlarının) vətəni tam hüquqla orta əsr İngiltərəsi hesab olunmalıdır.  Məhz burada 1215-ci il iyunun 15-də Rannimid qəsəbəsində baş vermiş hadisələr insan haqları uğrunda mübarizə tarixinin başlanğıc nöqtəsi kimi qəbul olunub.  O zamandan indiyə kimi hər bir fərdin şəxsi, siyasi və sosial haqları uğrunda mübarizəsi həqiqətən ümumdünya miqyası almışdır...


Kral Con Plantagenet (tarixi romanlardan bizə tanış olan Şir ürəkli Riçardın kiçik qardaşı) ağılsızcasına və israfçılıqla hökmranlıq edirdi.  Hərəkətləri ilə o, təkcə xalqı deyil, həm də imtiyaz və mülkiyyətlərinə qəsd etdiyi iri feodalları da özünə qarşı qaldırdı; kralın ölkənin sərhədlərindən xaricdə hərbi mükəlləfiyyəti yerinə yetirmək tələbini feodallar həddini aşmaq hesab etdilər.  Kralın özbaşınalığından hiddətlənmiş bir neçə nüfuzlu baron qoşun toplayaraq uğursuz danışıqlardan sonra onu ağır məğlubiyyətə uğratdı.

Qələbədən sonra baronlar, həmişə olduğu kimi, bacarıqsız despotu devirib hakimiyyətə "ədalətli kral"ı gətirmədilər. Kenterberi arxiyepiskopu Stefan Lanqtonun köməyi ilə baronlar onların qədim imtiyazlarını təsdiq və təsbit edən sənəd hazırlayıb kralı məcbur etdilər ki, torpaq sahibkarlarından olan lordlarla və ali ruhani nümayəndələrlə birlikdə Rannimiddə onu imzalasın....

Yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:40
3. İLK SİYASİ TƏHLİL
Aristotel

Qədim yunan filosofu Aristotel (e.ə. 384-322) iyirmi il ərzində Platonun şagirdi olmuş, onun Afina akademiyasında o dövrün elmi biliklərinə mükəmməl yiyələnmişdir. Platonun ölümündən sonra Aristotel Afinanı tərk etmiş, gələcəyin böyük fatehi gənc İsgəndərə müəllimlik etmək üçün Makedoniyada məskən salmışdır. E.ə. 334-cü ildə Makedoniyalı İsgəndərin öz Asiya fütuhatına başlaması ilə Aristotel Afinaya qayıdaraq öz akademiyasını - məşhur liseyi təsis etmişdir.  İsgəndərin ölümündən sonra aristokratlar partiyasına yaxın olan Aristotel ateizmdə ittiham edildiyindən Afinanı tərk etmək məcburiyyətində qalmış və bir il sonra dünyasını dəyişmişdir.


Aristotelin "Etika", "Politika", "Ritorika" və digər əsərlərində cəmlənmiş elmi irsi əsrlər boyu əvvəlcə Şərq, sonralar isə Qərb fəlsəfəsinə öz həlledici təsirini göstərmişdir.  Orta əsrlərdə Avropada Aristoteli sadəcə olaraq "filosof" adlandırırdılar.  İndiyəcən çoxları fundamental fəlsəfi problemləri bütün dərinliyi ilə əhatə etdiyinə və ensiklopedik biliyinə görə onu bütün zamanların və xalqların ən böyük filosofu sayır.

Aristotelin "Politika" əsəri Qərbin siyasi fəlsəfəsində başlanğıc nöqtəsi hesab edilir.  Bu, yunan filosofunun siyasi rejimlərin müxtəlif növlərini, vətəndaşlığın mənasını və siyasi həyatda təhsilin rolunu sistemli təhlilə çəkən ilk böyük elmi iş idi....

Yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:39

Ön söz

Demokratiya: gediləsi uzun bir yol
demokratiya və antidemokratiya
antologiyası e.ə.430 - b.e.1998

Tərtib edəni: Hikmət Hacızadə
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi
(FAR CENTRE), Bakı, 2001,


Biz bu kitabda iki min ildən də çox müddət ərzində ədalətli dövlət quruluşu və dövlətin insanla qarşılıqlı münasibətləri haqqında gedən mübahisələrdən qopmuş başlıca ideyaları təqdim etməyə çalışmışıq.  Antologiyada bəşər tarixinin ən böyük simaları demokratiyanın lehinə və əleyhinə səmimi-qəlbdən (mən bu ifadəni təsadüfi və gəlişigözəl söz kimi işlətmirəm) fikirlər söyləyirlər.  Buradaca həmçinin tarixi inkişafın ayrı-ayrı mərhələlərini, bir növ, tamamlamış və tarixin neçə yüzillik axarını irəlicədən müəyyən etmiş qanunlar, saziş və bəyannamələr də özünə yer tutub.  Topluda demokratiyanın ən böyük sirri və onun uğurunun rəhni olan demokratik insan xüsusi yer tutur.  Bu insan  ədalətli, xoşməramlı və fəal insandır; hər şeyə hörmətlə yanaşan, ancaq heç nəyə böyük hörmət bəsləməyən insandır; elə bir insan ki, onun üçün qurub-yaratmaq qələbədən yüksəkdir.

Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir.  Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verir.

Antologiyanın böyük hissəsi - ilk dəfə olaraq Azərbaycan türkcəsinə çevrilmiş 60-dan çox məqalə oxucuları çoxluğun mütləq hakimiyyətinə söykənən antik demokratiyadan başlayaraq müasir demokratiyaya - çoxluğun hakimiyyətini insan hüquqları ilə məhdudlaşdıran liberal demokratiyayaqədərki demokratik sistemin keyfiyyət inkişafı ilə tanış edir.  Bundan əlavə, toplu demokratiyanın məkanca inkişafını - antik şəhər-dövlətlərdən üzü bəri Avropanın millət-dövlətlərinə, oradan da cizgiləri artıq bu gün beynəlxalq qurumlar timsalında aydınca sezilən gələcək ümumbəşər hökumətinə doğru uzanan yolunu izləməyə imkan verir.

Kitabda İngiltərə, Amerika və Fransa inqilablarına da böyük diqqət yetirilib və oxucular 1988-92-ci illərdə Azərbaycanda baş verənləri yada salmaqla həmin təlatümlü olayları daha aydın və canlı təsəvvür edə bilərlər. 

Burada insan hüquqları: seçki hüququ, söz və din azadlığı, köləliyin ləğv edilməsi, qadınların hüquq bərabərliyi uğrunda mübarizə də kifayət qədər əks olunmuşdur.

Antologiyaya başlıca olaraq Amerikadakı, Qərbi və Şərqi Avropadakı demokratiyanın problemləri haqqında materiallar daxil edilmişdir; burada Azərbaycandakı demokratiyanın problemləri barədə beş məqalə də vardır ki, onlar ayrıca fəslə ayrılmayaraq, digər materialların arasında xronoloji qaydada düzülməklə bütün dünyada gedən demokratik prosesin vahid təbiətini əyani nümayiş etdirir.  Bu məqalələr gələcəkdə bizim üçün çox vacib olan "Azərbaycanda demokratiya" araşdırmasının özəyini təşkil edə bilər.  Təəssüf ki, kitabın həcminə qoyulan hədd biz oxucuları demokratiya və insan hüquqlarına aidiyyəti olan bir çox dünya və Azərbaycan müəlliflərinin və siyasi simalarının əsərləri ilə tanış etmək imkanından məhrum etmişdir.

Bununla belə, demokratiyanın tərkib hissəsi olan insan hüquqları mövzusu ilə daha əsaslı tanış olmaq istəyənlər üçün antologiyada "İnsan hüquqları bəşəriyyətin başlıca ideyasıdır" essesi təqdim olunmuşdur ki, bu material lazım gəldikdə ictimai fənn müəllimləri və ali məktəb tələbələri üçün dərs vəsaiti rolunu oynaya bilər...

Ümid edirik ki, bu antologiya bizi demokratiyanın sirrinə bir addım da yaxınlaşdıracaq, bir də, kim bilir, bəlkə bunda heç bir sirr yoxdur? Axı adətən yaşlı nəslin öz ağlı ilə kəsdirə bilməyib sirr zənn etdiyi şey cavanlar üçün apaydın həqiqətdir.

Taleyini öz əlinə almaq, öz həyatında kəskin dönüş yaratmaq keçmiş sovet adamı üçün böyük sarsıntı, postsovet Azərbaycanında həyata qədəm qoymuş gənc üçünsə adi bir hərəkətdir.

Demokratiyanın bizə qeyri-real görünən müddəaları, ola bilsin, gənc nəsildə heç bir təəccüb doğurmaz - həyatda yalansız da yaşamaq mümkündür; insanlar arasında mövcud olan fərqlər cəmiyyətin parçalanmasına deyil, onun inkişafına kömək edir; dünyada heç bir yeganə və son həqiqət yoxdur, saysız-hesabsız həqiqətlər vardır ki, hər kəs özünə bu həqiqətlərin arasından hansınısa seçməlidir; azadlığı istəyən gərək onun gətirdiyi müəyyən qarma-qarışıqlığa da dözsün və nəhayət, demokratiya heç kəsə müftə yemək vermir.  O, yalnız müəyyən qaydalar məcmusudur ki, biz onun əsasında "oynamağı" öyrənməliyik; öz problemlərimizi əl-ələ tutaraq həll etməyi öyrənməliyik; bir-birimizin mənafeyini gözləyə-gözləyə həll etməyi öyrənməliyik.

Yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:39
2. İLK ANTİDEMOKRATLAR
Afinalı Platon

Platonun (e.ə. 427/8-347/8-ci illər) fəlsəfi irsi Azərbaycan oxucularına yaxşı tanışdır.  O, Periklin ölümündən bir il sonra aristokrat ailəsində doğulmuşdur.  Demokratik Afina o vaxtlar Sparta müdaxiləsi dövrünü yaşayırdı.  Ölkəni bürüyən vətəndaş müharibəsi e.ə. 404-cü ildə "On üç tiranın hakimiyyəti" adı ilə məşhur olan mürtəce aristokrat rejiminin bərqərar olmasına gətirib çıxardı.  Bu rejimin liderlərindən ikisi - Kriti və Karmid Platonun yaxın qohumları idi.  Lakin tezliklə demokrat partiyası aristokratları hakimiyyətdən uzaqlaşdırdı, Platonun hər iki qohumu hadisələrin gedişində öldürüldü.  Ölkədə demokratik rejim bərqərar oldu.


Platonun gənclik illərində Afinanı bürümüş qanlı hadisələr, aclıq və epidemiyalar onda hər hansı sosial dəyişikliklərə qarşı güclü nifrət yaratmışdı.  Onun müəllimi - aristokratların yaxını və böyük filosof Sokrat demokratiya bərpa ediləndən sonra Afina şurası tərəfindən ataların dinini təhqir etməkdə və gənclərin şüurunu zəhərləməkdə günahlandırılaraq ölümə məhkum edildi (220 səsə qarşı 280 səslə).  Platon və onunla yanaşı Sokratın digər şagirdləri e.ə. 399-cu ildə Afinanı tərk etdilər.  Platon Yunanıstan, Misir və İtaliyanın şəhərləri boyunca səyahətə çıxdı.  Siciliyada olarkən o, Sirakuz tiranı Dionisinin sarayında siyasi mübarizəyə qoşuldu və sonra Sirakuzdan qovuldu.  Platon e.ə. 387-ci ildə Afinaya qayıdaraq akademiya (müasir universitetlərin prototipi) yaratdı və 40 il orada fəlsəfəni tədris etdi.

Platonun əsərləri Avropa idealizminin və etikasının təməlini qoymuş və sovet filosoflarının arasıkəsilməyən amansız tənqidləri sayəsində keçmiş SSRİ məkanında yaxşı tanınmışdır.  Platonun cəmiyyətin siyasi və sosial quruluşuna dair baxışları isə bizə daha az məlum olmuşdur; onun yaradıcılığının bu tərəfi sovet filosofları tərəfindən az xatırlanmamış və tənqid edilmişdir.  Bu, onunla izah olunur ki, Platonun təsvir etdiyi dövlət kommunistlərin ölkədə qurmaqda olduqları utopiyaya (yaxud antiutopiyaya) çox oxşayırdı....

Yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:37

1. İLK DEMOKRATLAR 
Afinalı Perikl

 

Afina demokratiyası dünya tarixində dolğun təsvir olunmuş ilk demokratik dövlət sistemidir.  Qullar istisna olmaqla şəhərin bütün vətəndaşları üçün ümumi bərabərlik və şəxsi azadlıq ideyası afinalılar arasında aristokratların hakimiyyətinin doğurduğu yoxsulluq və istibdada qarşı cavab reaksiyası kimi yayılmağa başlamışdı.  Qədim yunan salnamələrinə görə, demokratlarla aristokratlar arasında e.ə. 7-ci əsrdə başlanan və demək olar ki, fasiləsiz davam edən mübarizə e.ə. 460-cı ildə demokratlar partiyasının qələbəsi ilə nəticələnmişdi.  Bu partiyaya görkəmli siyasətçi və sərkərdə, əqidəli demokrat Perikl 32 il başçılıq etmişdir (e.ə. 495-429-cu illər).


Afina demokratiyası ziddiyyətlərlə zəngin olmuşdur.  O, bəzi afinalı intellektuallar (o cümlədən Platon və onun həmfikirləri) tərəfindən kütlələrin nəzarətsiz hakimiyyəti, korrupsiya və xaos mənbəyi kimi qəbul olunurdu.  Lakin Periklin rəhbərliyi dövründə Afina uğurlu daxili siyasət yeridərək, həmçinin İranın istibdad və Spartanın totalitar rejimlərinin (Sparta ilə Afina on illərcə davam edən üzücü müharibələr aparmışlar) təcavüzlərini dəf edərək iqtisadi, siyasi və mənəvi yüksəlişə nail olmuşdur.

Yalnız düzgünlüyünə əmin olduqdan sonra hər hansı əmri yerinə yetirən azad insanlara - demokratik cəmiyyətin üzvlərinə rəhbərlik etmək, əlbəttə, liderin istənilən əmrini sözsüz yerinə yetirməyə hazır olan insanlardan ibarət totalitar cəmiyyətin üzvlərinə rəhbərlik etməkdən müqayisəolunmaz dərəcədə çətindir.  Lakin Perikl populizmdən uzaq idi, "o, kütləyə ona görə rəhbərlik edə bilirdi ki, hakimiyyətə ləyaqətsiz vasitələrdən istifadə etmədən gəlmişdi; onun kütləyə yarınmağa ehtiyacı yox idi və o, hörmətə malik olduğundan kütləyə qarşı kəskin şəkildə çıxa bilirdi", - deyə tarixçi Fukidid yazırdı.

Bütün bu vaxt ərzində Afina dövlətinin siyasi quruluşu haqqında mübahisələr səngimirdi. Demokratiyanı amansızcasına tənqid edənlər israr edirdilər ki, əsl-nəcabəti olmayan vətəndaşların şəhərin idarə olunmasında iştirakına yol vermək olmaz - şəhəri "ləyaqətli və bilikli" adamlar idarə etməlidir. Bundan başqa, Afina cəmiyyətindəki azadlıq və açıqlıq tənqid olunurdu; iddia edirdilər ki, əmlak ziddiyyətlərindən və demək olar ki, bütövlükdə fərdi azadlıqlardan məhrum olan hərbiləşdirilmiş Sparta cəmiyyəti sosial cəhətdən daha səmərəli və müharibə aparmaq üçün daha sərfəlidir.

Sparta ilə müharibə əslində vətəndaş müharibəsi idi. O həm Afinanı, həm də bütün yunan şəhərlərini iki hissəyə parçaladı: bütün Elladada aristokratiyanın tərəfdarları öz nəzərlərini Spartaya dikir, demokratlar isə Afinaya rəğbət bəsləyirdilər.

Sparta ilə müharibədə ilk həlak olmuş döyüşçülərin dəfn mərasimində Periklin söylədiyi və Afina tarixçisi Fukididin yazıya aldığı, öz zəmanəsini min-min illər qabaqlamış və indinin özündə də insanları həyəcana gətirən bu nitq demokratiyanın müdafiəsinə söylənilmiş bizə bəlli ilk nitqdir və yaxşı olardı ki, bizim məktəblilər də demokratik təhsil çərçivəsində bu nitqi əzbər öyrənsinlər. ...

 

Yüklə


Bookmark and Share
roni10Aprel 15, 2008 20:24

AXC Müstəqillik Bəyannaməsi

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


Azərbaycan Xalq Cümhuriyyətinin
İSTİQLALİYYƏT BƏYANNAMƏSİ
(28 may 1918-ci il)

Böyük rus inqilabının gedişində Rusiyada elə bir siyasi quruluş bərqərar oldu ki, o, dövlət orqanizminin ayrı-ayrı hissələrinin dağılmasına və rus qoşunlarının Zaqafqaziyanı tərk etməsinə gətirib çıxardı.  Öz qüvvələrinin ixtiyarına buraxılmış Zaqafqaziya xalqları talelərini həll etmək işini öz əllərinə aldılar və Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdılar.  Lakin siyasi hadisələrin sonraki gedişində gürcü xalqı Zaqafqaziya Federativ Respublikasından çıxmaqla müstəqil Gürcüstan Demokratik Respublikası yaratmağı daha münasib hesab etdi.

Rusiya və Osmanlı imperiyası arasında müharibənin ləğv olunması ilə bağlı Azərbaycanın müasir siyasi vəziyyəti, həmçinin ölkənin daxilindəki görünməmiş anarxiya Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan üçün öz dövlət quruluşunu yaratmağı xüsusi hökmlə zəruri edir ki, Azərbaycanın xalqlarını düşdükləri bu daxili və xarici vəziyyətdən çıxarmaq mümkün olsun. 

Xalq səsverməsi ilə seçilmiş Azərbaycan Milli Şurası bunun əsasında indi bütün xalqa elan edir:

1.  Bu gündən etibarən Azərbaycan xalqları suverenlik hüququna malikdir və Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil bir dövlətdir.

2.  Müstəqil Azərbaycan dövlətinin idarə şəkli xalq cümhuriyyəti olaraq müəyyənləşdirilir.
 
3.  Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xalqlar ilə dostluq münasibəti yaradır.

4.  Azərbaycan Xalq Cümhuriyyəti millət, din, sinif, silk və cins fərqinə varmadan hüdudu daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaş hüquqlarını təmin edir. 
 
5.  Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişaf üçün geniş imkan verir.

6.  Milli Məclis toplanana kimi Azərbaycan idarəsinin başında ümumi səsvermə ilə seçilmiş Milli Şura və Milli Şura qarşısında məsul olan Müvəqqəti hökumət durur.

 

Yüklə


Bookmark and Share
Normativ aktlarŞərhlər(0)     Baxış sayı:57
roni10Aprel 15, 2008 20:21

Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün ərizə forması

Azərbaycan, İngilis və Fransız dillərində

COUR EUROPEENNE DES DROITS DE L'HOMME
EUROPEAN COURT OF HUMAN RIGHTS
İNSAN HÜQUQLARI  ÜZRƏ AVROPA  MƏHKƏMƏSİ

Conseil de l'Europe - Council of Europe -  Avropa Şurası
Strasbourg, France --  Strasburq, Fransa                                                   


REQUETE
APPLICATION
ŞİKAYƏT
presentee en application de l'article 34 de la Convention europeenne des Droits de l'Homme, ainsi que des articles 45 et 47 du Reglement de la Cour                                                                                                                                                                                                                                           
under Article 34 of the European Convention on Human Rights and Rules 45 and 47 of the Rules of Court                                                                                                                                                                                                                                           
İnsan Haqları üzrə Avropa Konvensiyasının 34-cü və Məhkəmə Reqlamentinin 45 və 47-ci maddələrinə müvafiq olaraq

IMPORTANT: La presente reguete est un document juridique et peut affecter vos droits et obligations.                                                                                                                                                                                                                              
This application is a formal legal document and may affect your rights and obligations.                                                                                                                                                                                                                                                 
Bu şikayət rəsmi hüquqi sənəd olub, hüquqlara və hüquqi vəzifələrə toxuna bilər.

 I LES PARTIES                                                                                                                                               THE PARTIES                                            TƏRƏFLƏR
A. LE REQUERANT/LA REQUERANTE      &n